Payız və qış aylarının gəlişi ilə birlikdə mövsümi qrip yenidən gündəmə gəlir və bütün dünyada yoluxucu xəstəliklər arasında aparıcı mövqe tutur. Qrip hələ də ciddi tibbi və sosial problem olaraq qalır. Hər il milyonlarla insan bu virusa yoluxur, yüz minlərlə şəxs xəstəxanaya yerləşdirilir və xüsusilə risk qrupuna daxil olan insanlar arasında ölüm halları qeydə alınır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər il təxminən 1 milyarda yaxın yoluxma halı baş verir, onların 3–5 milyonu ağır keçir, 290–650 min arası isə ölümlə nəticələnir. Bu statistika qripin sadəcə mövsümi narahatlıq deyil, ictimai sağlamlıq üçün ciddi təhlükə olduğunu göstərir.
2025–2026 mövsümündə epidemioloji vəziyyət
2025–2026-cı illər mövsümündə Şimal yarımkürəsində qripin epidemik artımı erkən başlayıb və virus yüksək intensivliklə yayılır. Erkən başlanğıc virusun daha uzun müddət aktiv qalması deməkdir. Bu mövsümdə xüsusilə A tipli qrip virusları, əsasən də A(H3N2) yarımtipi üstünlük təşkil edir. Bu yarımtip adətən daha ağır klinik gedişlə əlaqələndirilir.
Avropa regionunun bir sıra ölkələrində kəskin respirator virus infeksiyası əlamətləri olan xəstələrin yarıdan çoxunda A tipli qrip virusu aşkarlanıb. Bu isə cari epidemioloji prosesdə həmin virusun aparıcı rol oynadığını göstərir.
Azərbaycanda vəziyyət
Azərbaycan ÜST-nin Avropa regionuna daxildir və mövsümi qanunauyğunluqlar burada da eyni şəkildə müşahidə olunur. Payız-qış aylarında kəskin respirator virus infeksiyaları ilə bağlı tibbi müraciətlərin artması ənənəvi haldır və xəstəliklər arasında əsas payı qrip tutur.
Səhiyyə Nazirliyi və TƏBİB əhalini mövsümi xəstələnmə artımı və profilaktik tədbirlər barədə mütəmadi məlumatlandırır. Xüsusilə vurğulanır ki, ağır gediş və fəsad riski daha çox A tipli qriplə əlaqəlidir və bu risk əsasən həssas qruplara aiddir.
Qrip necə yayılır?
Qrip əsasən hava-damcı yolu ilə yayılır. Öskürək, asqırma və hətta danışıq zamanı virus tərkibli mikrodalğalar havaya yayılır və digər insanlara keçir. Virus səthlər üzərində də qala bilər və əllərlə ağız, burun və gözə toxunmaqla orqanizmə daxil ola bilər.
İnkubasiya dövrü adətən 1–4 gün çəkir. İnsan simptomlar başlamazdan bir gün əvvəl yoluxucu olur və orta hesabla 5–7 gün virusu yaymağa davam edir. Uşaqlarda və immun sistemi zəif olan şəxslərdə bu müddət daha uzun ola bilər.
Qripin əlamətləri və təhlükəsi
Qrip adətən qəfil və kəskin başlayır. Bədən temperaturu qısa müddətdə 38–40°C-yə qədər yüksələ bilər. Güclü zəiflik, halsızlıq, əzələ və oynaq ağrıları, alın və göz arxasında kəskin baş ağrısı xəstəliyin tipik əlamətləridir.
Boğaz ağrısı, quru öskürək, burun tutulması, titrətmə, üşütmə halları tez-tez müşahidə olunur. Uşaqlarda ürəkbulanma, qusma və ishal kimi əlamətlər də mümkündür.
Qrip yalnız tənəffüs yollarını deyil, bütün orqanizmi təsir altına alan sistem iltihab reaksiyasıdır. Hətta hərarət düşdükdən sonra belə uzun müddət zəiflik və diqqət azalması davam edə bilər.
Ən təhlükəli tərəfi isə fəsadlardır. Pnevmoniya, otit, sinusit, laringit, traxeit və xroniki xəstəliklərin kəskinləşməsi qrip fonunda daha çox inkişaf edir.
Kimlər risk altındadır?
Ən yüksək yoluxma göstəriciləri uşaqlar arasında qeydə alınır. Onlar kollektivlərdə sıx təmasda olduqları üçün virusun yayılmasında əsas rol oynayırlar. İmmun sistemlərinin tam yetkin olmaması onların daha həssas olmasına səbəb olur.
65 yaşdan yuxarı şəxslər xəstəliyin ağır keçməsi və fəsad riski baxımından yüksək risk qrupuna daxildir. Hamilə qadınlar da immun sistemdəki fizioloji dəyişikliklər səbəbindən daha həssasdır.
Müalicə və profilaktika
Qrip zamanı əsas müalicə simptomatik yanaşmadır. Zərurət olduqda həkim tərəfindən antiviral preparatlar təyin edilə bilər. Antibiotiklərin özbaşına qəbulu isə ciddi səhvdir. Onlar viruslara təsir göstərmir və nəzarətsiz istifadə bakterial davamlılıq riskini artırır.
Ən effektiv profilaktika üsulu illik vaksinasiya hesab olunur. Azərbaycanda 8 oktyabr 2025-ci ildən etibarən vaksinasiya kampaniyası başlayıb və dövlət tibb müəssisələrində ödənişsiz aparılır. Vaksin xəstəliyin ağır gedişini və ölüm riskini əhəmiyyətli dərəcədə azaldır.
Risk qruplarında olan şəxslər üçün pnevmokok infeksiyasına qarşı vaksinasiya da tövsiyə olunur. Əl gigiyenası, maska istifadəsi, xəstə olduqda ictimai yerlərdən uzaq durmaq və otaqları havalandırmaq kimi sadə tədbirlər də mühüm rol oynayır.
Nəticə
Müasir şəraitdə qrip artıq “adi mövsümi xəstəlik” deyil. Dəyişən virus ştammları və zəifləyən kollektiv immunitet fonunda bu infeksiya diqqət və məsuliyyət tələb edir. Vaxtında həkimə müraciət, özünümüalicədən imtina və vaksinasiya həm fərdi, həm də ictimai sağlamlığın qorunması üçün əsas şərtlərdir.